Çərşənbə, 01.05.2024, 22:57
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Oktyabr » 23 » Dahi turkcu sairimiz Almas Ildirim haqqinda meqale.
15:04
Dahi turkcu sairimiz Almas Ildirim haqqinda meqale.
İslam SADIQ, Aslan KƏNAN

1988-ci il hadisələri təzə başlamışdı. Həmin hadisələr zamanı Amerikanın "Azadlıq" radiosunun dalğalarında Mirzə Xəzərin yanıqlı halda dediyi aşağıdakı misralara diqqət kəsildik:

Könlümə tək kəbə yapdım səni bən,
Sənsiz nedəm qürbət eldə günü bən.
Sənsiz nedəm Allahı mən, dini bən,
Azərbaycan, bənim tacım, taxtım oy!
Oyanmazmı kor olası baxtım oy!

Şeirin müəllifinin adı tanış olmadığından baxışlarımızda bir təəccüb hissi var idi. Bu sətirlər o vaxtdan yaddaşımıza yazıldı, dilimizin əzbəri oldu, çünki burda ürəyimizdən keçən hisslər, duyğular, arzular, istəklər qələmə alınmışdı. Neçə illəriydi ki, bizim də sinəmizi bu duyğular dimdikləyir, bu hisslər, arzular, istəklər köpürüb daşan çaylar kimi köksümüzə sığmırdı. Ona görə də bu şeir dilimizin əzbəri olmuşdu.

Ötən yüzilliyin otuzuncu illərində yazılmışdı bu şeir. 1920-ci ildə Rusiyanın Azərbaycanı qanlı caynağına alıb yenidən işğal etdiyi, milli dövlətimizi yıxıb köləlik boyunduruğunu yenidən boynumuza taxdığı bir vaxtda. Onda bu boyunduruğu boyunbağı kimi görüb sığallayanlar da varıydı, köləlik zənciri olduğunu duyub qırmağa, onu boynundan çıxarmağa can atanlar da. Birinciləri öpüb göz üstünə qoyurdular, ikinciləri gözümçıxdıya salırdılar. Yuxarıdakı sətirləri yazan Almas İldırımın adı ikincilərin sırasındaydı, sözsüz ki, onu öpüb göz üstünə qoymazdılar, qoymadılar da!

1988-ci ilə qədər onun adını Azərbaycanda çox az adam eşitmiş, şeirlərini çox az adam oxumuşdu, çünki sovet ideoloqları milli düşüncəyə, milli şüura qənim kəsilmişdilər. Kölə psixologiyasını xalqın iliyinə, qanına hopdurmaq üçün milli nə varıydısa, hamısının ölümünə fərman verilmişdi. Milli oyanışın, özünüdərkin qarşısını almaq üçün hər şeyə əl atırdılar. Bu işdə pantürkçü damğası imperiya ideoloqlarının ən güclü silahıydı. "Mən türkəm" deyənin dilini kəsir, səsini batırırdılar.

"Azərbaycanı könlümə tək kəbə yapıb", "Azərbaycan, mənim tacım, taxtım oy! Oyanmazmı kor olası baxtım oy!" deyən Almas İldırım təpədən dırnağa türküydü, varlığı azadlıq eşqilə yoğrulmuşdu. Köləliklə barışa bilmirdi. O, bir bulud kimi dolmuşdu, ildırım kimi çaxmalıydı. İldırımı ram eləmək olmur. Almas İldırımı da ram eləyə bilmədilər. Əqidəsindən dönmədi, yolundan sapmadı, fikrindən daşınmadı, sözünü dəyişmədi, türk olduğunu danmadı, Azərbaycanın boynuna taxılmış köləlik zəncirilə barışmadığını gizlətmədi. İçi od püskürdü, qələmi alov saçdı. Ona görə də izinə düşdülər, izlədilər. Bir az qabağa qaçanda badalaq vurdular, dala qalanda gözlədilər.

1930-cu ildə "Dağlar səslənirkən" adlı şeirlər kitabı işıq üzü gördü. Heç onun sevincini yaşamağa da qoymadılar. 2 mart 1931-ci il tarixli "Kommunist" qəzetində B.Zəngili təxəllüslü (Hüseyn Bünyadov) birisi qılıncını çəkib düşdü kitabın üstünə. Bu həmin Zəngiliydi ki, ömrü boyu cəmi 5-6 yazı yazmışdı. Əslində onları yazı yox, 37-ci il repressiyalarına hazırlıq mərhələsində məhkəməyəqədərki ittiham adlandırmaq daha doğru olar. Biri Səməd Vurğuna, biri Mikayıl Müşfiqə, bir idə Almas İldırıma oxunmuşdu bu ittihamnamələrin. Hamısının da altında "B.Zəngili" imzası. Bu Zəngilinin məqalələrini ona görə ittihamnamələr adlandırırıq ki, onlar 37-ci il repressiyasının qurbanları haqqındakı ittihamnamələrlə eyni üslubda, kəskinlikdə və ovqatda yazılmışdı.

M.Müşfiqin ittihamnaməsindən götürülmüş aşağıdakı cümləyə fikir verin: "İstintaq müəyyənləşdirdi ki, 1926-cı ildən 1930-cu ilə qədər Almas İldırımzadə və Nəsir Quluzadə tərəfindən İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu əksinqilabi müsavatçı ruhunda hazırlanmışdır".

Görəsən, Almas İldırımla Mikayıl Müşfiqin bir-birinə bağlanması təsadüfdürmü, yoxsa B.Zəngilinin hər iki şair haqqındakı məqalələri onları bir-birinə bağlamağa əsas vermişdir. Axı həmin "İnqilab və mədəniyyət" (indiki "Azərbaycan") dərgisinin 1931-ci il 3-4-cü sayında çap etdirdiyi "Şairin andı" məqaləsində Səməd Vurğunu bəy nəslindən olmaqda günahlandırır, "Hücum" dərgisinin 1931-ci il 7-8-ci sayında çap etdirdiyi "Küləklər" məqaləsində M.Müşfiqi "öz vaxtının sürətindən geri qalmış" adlandırır, "Kommunist" qəzetinin 1931-ci il 2 mart tarixli sayında çap etdirdiyi "Dağlar səslənirkən" məqaləsində Almas İldırımın əsərlərində "meşşanlıq izi" axtarırdı: "Buna baxmayaraq, gənc cığırdaşlarımızın əsərlərində, bir növ sönüklük və meşşanlıq izi görünməkdədir". Bu da onun "məfkurəcə geri qaldığını" söyləməyə əsas verirdi: "...Almas yoldaş sənətcə bir çox gənclərimizdən qüvvətli olsa da belə, məfkurə cəbhəsində çoxlarından geridədir". B.Zəngiliyə görə, Almas İldırımın məfkurəcə geriliyi quruluşun "uğurlarını" görə bilməməsində, qızlardan və yaşıl təpələrdən ilham almasındaydı: "A.İldırım yeni həyatın bütün müvəffəqiyyətlərini qadın və qızlar üzərində görür. O, hələ də öz ilhamını qızlar və yaşıl təpələrdən almaqdadır".

Bu cümlələr Zəngilinin qələmindən çıxmışdır, onun fikirləridir. Bəlkə də ittiham üçün başqa tutarlı əsas tapmadığından bu cür böhtana əl atmışdır. Əslində Almas İldırım gözəllərin simasında da vətəni görür, sevgi şeirlərində də Vətəni önə çəkir, onun taleyini yazırdı. Onun dərdi, qəmi qadınlar, qızlar yox, vətəndir, xalqdır. Təzəcə qol-qanadı sındırılıb qəfəsə salınmış vətən! Təzəcə boynuna boyunduruq taxılmış xalq! "O gözələ" adlı şeiri oxuyanda biz bunu aydın görürük. Şeir "O gözələ" adlansa da, burada sevginin, məhəbbətin ünvanı qız yox, vətəndir. Şair "O gözələ" üz tutub yenə yurdunun, vətəninin dərdindən, qəmindən danışır, azadlığını, dövlətçiliyini itirdiyindən ürək ağrısıyla söhbət açır:

Kəbəm oldun, mehrabına diz qoydum,
Xızrım oldun, dərgahına göz qoydum.
Qərib düşdüm, torpağına üz qoydum,
Bir sormadın, nədir dərdim, gözəlim?
Hara getsəm arxamda bir ahım var,
Yazıb baş qoymağa bir dərgahım var.
Əlbət ki, mənim də bir Allahım var,
Gün gəlir, hürr olur yurdum, gözəlim.

Sonuncu misradan şairin o gözələ niyə üz tutduğu, nə demək istədiyi bəlli olur. Bəlli olur ki, şair çox uzaqgörənliklə üz tutduğu gözələ yurdunun bir gün öz azadlığına qovuşacağını, rusun köləlik zəncirini qırıb atacağını deyir. Şair həmin günü görməsə də, biz gördük. Bu, onun uzaqgörənliyiydi ki, bəhrəsi bizim qismətimizə düşdü.
B.Zəngili Səməd Vurğuna da, Mikayıl Müşfiqə də, Almas İldırıma da eyni böhtanlar atır, onları sovet quruluşunu, sosializmi tərənnüm etməməkdə, boynumuzdakı boyunduruğa boyunbağı, qolumuzdakı qandala qolbağı deməməkdə günahlandırırdı: "Almas İldırım böylə mövzular yazmaqdansa, bu günün tələbatından, quruluşumuzun gedişindən yazsa, daha yaxşı olur". B.Zəngili "günün tələbatı" deyəndə milləti, xalqı mütiləşdirməyi, kölələşdirməyi, öz taleyi ilə barışmağı nəzərdə tuturdu. Şairlər də, yazıçılar da milləti bunlarla barışmağa səsləməliydilər. Ona görə də hamı bu ruhda köklənməli, bu ruhda düşünməli və dinməliydi. Orkestrə qatılıb "yad" notlar vurmaq olmazdı. "Yad" notlar vuranlar dirijorun diqqətindən yayınmırdı. Belələri ya orkestrin ümumi havasına yatmalı, ya da qovulmalıydı: "Onu (Almas İldırımı - İ.S., A.K.) Proletar Yazıçılar Cəmiyyəti tərbiyə etməli, ictimai və internasional tərbiyə etməli, onun yaradıcılığındakı yenilikləri təkmilləşdirməli və nöqsanlarını aydınlaşdırmalıdır".

Sən demə, Proletar Yazıçılar Cəmiyyəti bir tərbiyə ocağıymış və ipə-sapa yatmayan, əqidəli, məsləkli, vicdanlı, milli düşüncəli və vətənini, millətini sevən, onların azadlığını, xoş taleyini heç nəyə dəyişməyən yazarları "tərbiyə etməklə" məşğul olmalıymış.
Biz bu yazıda B.Zəngilinin Almas İldırım haqqındakı məqaləsinin üstündə iki səbəbdən geniş dayandıq. Birincisi, indiyə qədər Almas İldırım haqqında yazanlardan heç kəs bu məqaləyə toxunmamışdır. Bu da onu göstərir ki, həmin məqalə çoxlarına tanış deyil. İkincisi, həmin məqalə Almas İldırımın həyatına və yaradıcılığına çox ağır zərbə vurmuşdur. Həmin məqalə çap olunan kimi, Almas İldırım Dağıstana sürgün olunmuş, müvəqqəti də olsa, vətəndən uzaqlaşdırılmışdır. Almas İldırım yaxşı bilirdi ki, bu cür işgəncələrlə, sürgünlərlə onu sındırmağa, əyməyə çalışırlar. Ancaq o nə sınır, nə əyilir, nə də əqidəsindən, məsləkindən dönürdü. Dağıstanda sürgündə olduğu vaxtda da qələmi ehtiyat bilmədən yazıb-yaradırdı. Şairi Dağıstanda da sakit buraxmır, izləyir, nə yazdığına, necə yazdığına göz qoyurdular. 1931-ci ildə 24 yaşında Dağıstandan Türküstana sürgün edilərkən "Əlvida, Bakı" adlı şeirində vətənə "can" dediyinə görə vətəndən qovulduğunu, ancaq vətənin "bu qurbana" acımadığını yana-yana, ürək ağrısıyla belə ifadə etmişdir:

Günahım "can" dedim, sana, qovuldum,
Acımadın bu qurbana, əlvida.

Təkcə bu iki misranın üstündə nə qədər düşünmək, nə qədər söz demək olar. Almas İldırım bu şeirdə vətəndən niyə qovulduğunu açıb göstərir. Biz onun "öz günahını" yaxşı anladığını bütün şeirlərində hiss edirik. "A dağlar" şeiri də başdan-ayağa şairin "günahları"yla yoğrulmuşdur:

Of Bakı... bu ayrılıq mənə ölümdən ağır,
Aləmə bahar gəldi, sənə yağmur, qar yağır.
Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır,
Bu boğulan səsimi varmı duyan, a dağlar?

Bu şeirdəki dağlar vətəniydi. Şair "dağlar" deyəndə vətəni nəzərdə tuturdu. "Aləmə bahar gəldi, sənə yağmur, qar yağır" misrasında açıq-aydın Azərbaycanın işğalına işarə vururdu.
Almas İldırım Türküstandan da havasını dəyişmir, qələmin ovxarını azaltmır. Türküstanda A.İldırımın hər addımını izləmək üçün Bakıdan Əkbər Ruhi adlı siyasi idarəyə işləyən bir "şair"ə xüsusi sifariş verilir. Sözsüz ki, Almas İldırım bütün bunları gözəl başa düşürdü. O gözəl bilirdi ki, 37-ci il repressiyaları başlayan kimi ilkin olaraq "ət maşını"nın ağzına atılanlardan biri olacaq. Millətin bütün gözüaçıq, şüurlu və işıqlı ziyalılarını həmin "ət maşını" gözləyirdi.

B.Zəngilinin məqalələrindən sonra Mikayıl Müşfiq 37-ci il repressiyalarını gözlədi, Səməd Vurğun təsadüf nəticəsində ölümün gözündən yayındı, Almas İldırım isə heç o günü gözləmədi. Türküstandan xəlvətcə İrana, oradan da son ümid yeri olan Türkiyəyə qaçdı. Həmin vaxt onun vətən həsrətinin ağrı-acılarını ancaq Türkiyə ovuda bilərdi. Ancaq orada az da olsa təskinlik tapa bilərdi. Belə də oldu. Türkiyə onu doğma balası kimi qucağına aldı, boyunu oxşadı, qayğısını çəkdi.

Almas İldırım Azərbaycanı o qədər ürəkdən sevirdi ki, buradan ayrılarkən iki yolu varıydı: ya ürəyini Azərbaycanda qoyub getməliydi, ya da Azərbaycanı ürəyində aparmalıydı. Birinci halda həm ürəksiz, həm Azərbaycansız yaşamaq olmazdı. Ona görə də ikinci yolu seçdi. Azərbaycanı ürəyində apardı.

Almas İldırımın bütün yaradıcılığını bir qara taleyin dastanı adlandırmaq olar. Bu dastanın qəhrəmanı da paralanmış, yaralanmış, bölünmüş, işğal olunmuş, xoşbəxtliyi əlindən alınıb qəfəsə salınmış Azərbaycandı. "Özü dərd içində boğulmuş, sevənləri diyar-diyar qovulmuş" Azərbaycan! "Qopuzu susdurulmuş", "Kamanı sındırılmış", "Tarını, sazını proletarın sevmədiyi" Azərbaycan:

Dörd bir yana dağılmış türk soyları,
Sönmüş ocaq, köçmüş, getmiş boyları.
Dərdli-dərdli axar bozkır çayları,
Saxlar içdən gizli ümid, güman hey,
Qoca türkün düşdüyü gün yaman hey...
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş.
Ağla, şair, ağla yurdun dağılmış,
Nerdə qopuz, nerdə qırıq kaman hey?
Nerdə böyük vətən, nerdə Turan hey?

25 yaşında Azərbaycana "əlvida" deyən şair bu həsrətlə cəmi 20 il yaşaya bildi. 20 il onun ürəyindəki yara için-için göynədi, korun-korun sızıldadı. Bu yaranı Almas İldırım Azərbaycandan aparmışdı. Buradan apardıqlarının üstünə də orada bir həsrət göynərtisi gəlib onun ağrı-acısını birə beş qat artırmışdı. Bunlar da onun ürəyini üzür, ömrünü güvə kimi yeyirdi. "Nərdə böyük vətən, nərdə Turan hey?" deyə-deyə hayqıran Almas İldırımın ürəyi içini didən dərdə, qəmə 20 il tab gətirə bildi.

Almas İldırım az yaşadı, kişi kimi yaşadı. Özünü tox tutdu, qəddini şax tutdu, sözünü də uca! Əqidəsini bir qarın çörəyə, ucuz şöhrətə, gərəksiz orden-medallara, yalançı təriflərə qurban vermədi. Ona görə də indi adıyla, əməlləriylə ürəklərdə yuva salıb yaşayır. Dünən adları dillərdən düşməyənlərin çoxları indi unudulub, dünən adını da bilmədiyimiz Almas İldırımın adı isə bu gün neçə-neçə dillərin əzbəridir. Nə qədər ki, Azərbaycan var, onun aşağıdakı misraları da yaşayacaq:
Azərbaycan, mənim tacım, taxtım oy!
Oyanmazmı kor olası baxtım oy!

Baxış: 2362 | Əlavə edib: Oguzturk | Reytinq: 5.0/3
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Oktyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz