Cümə, 26.04.2024, 03:50
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Cəsədi Ermənistan tərəfində qalmış şəhidimizin ölümqabağı məktubu


“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

***

Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır. Şəhidin atası Ağakərim kişi bu məktubu əzbərləyib, bizimlə söhbəti zamanı məktubda yazılanları olduğu kimi deyir...
Şəhid Mübariz İbrahimovun haqqında daha çox öyrənmək üçün Biləsuvara gedirəm. Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Elə yolda, taksi ilə gedərkən maşında hamı onun cəsarətindən və ürəkli bir insan olduğundan danışırdı. Yolda dedilər ki, Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər. Evə yaxınlaşıram...
Həyətin darvazaları açıqdır; çoxlu stol-stul düzülüb. Bir küncdə bir neçə nəfər əyləşib. Sakit və qəmgin insanlardan ikisi şəhid Mübariz İbrahimovun qardaşlarıdır. Onun dostları da burada idi. Bizi qarşılayan Mübarizin qardaşı atasının namazda olduğunu deyir. Bir neçə dəqiqə sonra namazını qurtaran şəhidin atası da gəlir. Ağakərim kişinin gözlərindən ələm yağır. Amma bu kədərin arxasından bir təmkin və qürur da boylanır...
Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.
Şəhid atası qəhrəman oğlunun şəkillərini göstərir. Onun haqqında titrək səslə danışır. Mübarizin qardaşı həyətdəki bir stulu göstərir. Orada Qarabağ sözü yazılıb. Köhnə və itmək üzrə olan cizgilərlə yazılmış yazının Mübarizə məxsus olduğunu deyirlər. Qardaşı da ondan danışır. Deyir ki, Mübariz həmişə üstündə Azərbaycan sözü yazılmış, bayrağı həkk olunmuş paltarlar geyərmiş. Dostları da onun uşaqlığından danışır, Mübarizin mərd bir insan olduğunu deyirlər.
Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: “Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam", “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. “Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, - deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi".
Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı.
Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma..."
Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.

***

Şəhidin ata yurdunu tərk edib rayon mərkəzinə qayıdıram. Burada hər yerdə şəhid gizirimiz Mübariz İbrahimovun şəkillərinə rast gəlirəm. Hamı onun şəklini market və bazarlara, çayxanalara, evlərin divarlarına, küçələrə, maşınların şüşələrinə vurub. Hamı onun qəhrəmanlığından danışır.
Dünən isə 10-15 yaşlı uşaqlar paltarlarının sinəsinə Mübarizin şəkilini vuraraq rayonda yürüş keçiriblər. Hamı onun cəsədinin erməni əsgərlərinin əlində qalmağından narahatdır. Elə onun ailəsi də.
Beləcə, Biləsuvardan qayıdırıq. Yolda bir uşaqla rastlaşıram. O da Mübarizin şəkilini sinəsinə vurub. Bu uşaq deyir ki, “mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəm”.
Hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir - o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.
Onu unutmayaq. Yeri behişt olsun. Vətən sağ olsun...

Elmin BƏDƏLOV, Bakı - Biləsuvar - Bakı

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (06.07.2010)
Baxış: 1093 | Şərhlər: 2 | Reytinq: 5.0/1
Bütün şərhlər: 2
0  
2 _ELLƏR_GİRL   (03.08.2010 21:40) [Мəlumat]
Halal olsun Mübariz İbrahimova.O bu qəhrəmanlığıyla büyün dünyanı yerindən oynatdı.Şəxsən mən və eləcədə bütün Azərbaycan xalqı səninlə fəxr edir Mübariz İbrahimov! up

0  
1 Dasqin   (03.08.2010 20:28) [Мəlumat]
salam men bele bir ogulnan sexsen qurur duyuram yasasin Azerbaycen Mübariz İbrahimov - halal olsun onun oldurduyu her bir ermeni vetenimizi bir azda ucaltdi YASASIN AZERBAYCAN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz