Şənbə, 20.04.2024, 08:06
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Boz oxlar ve uc oxlar


7 OD
7 YURT
7 YÜREK
7 BAĞIMSIZ BOZKURT

********************************************************************
Qədim oğuz-türk mifologiyasında bu üsulla yaranan başqa say sistemində dünyanın daha dolğun, mükəmməl və tam modelinə rast gəlirik: Vahid başqa biri (Oğuzu) dünyaya gətirir, ondan iki üçlük (toplusu altı edir) doğulur.

Birinci üçlük barədə mətndə deyilir ki, göydən şüa düşür. Oğuz görür ki, Günəşdən işıqlı, Aydan parlaq işığın arasında gözəl bir qız oturmuşdur. Başı qızıl qütb ulduzlu bu qızdan onun üç oğlu olur: Gün, Ay və Ulduz. Üç qardaşın nəsli sonralar Bozoxlar – pozuxlar adı ilə tanınır.

İkinci üçlüklə bağlı mifdə göstərilir ki, Oğuz göl ortasında bir ağac görür. Ağacın oyuğunda gözəl bir qız oturmuşdu. Gözləri göydən də göy, saçları dalğa kimi, dişləri inci tək olan bu qızdan da Oğuzun üç oğlu dünyaya gəlir: Göy, Dağ, Dəniz. Bu üç qardaşdan törəyən nəsillər isə Üçoxlar adını daşıyır. Azərbaycan türklərinin söy kökündə həm Bozox, həm də Üçox tayfaları iştirak edir.

Altılardan isə altı dördlük meydana gəlir:

BOZOXLAR (pozuxlar). Oğuzun kosmosdan gələn qadından doğulan 3 oğlunun hərəsinin 4 oğlu dünyaya gəlir. 12 nəvədən törəyən nəsillər oğuz türklərinin sağ qanadı hesab edilir. Ona görə Bozoxlar adlanırlar ki, Oğuzun üç oğlu - Gün xan, Ay xan və Ulduz xan atalarının tapşırığı ilə dünyanı gəzib qeyri-adi varlıq axtararkən bir qızıl yay tvpırlar. Onu üçü öz arasında bölməli idi. Lakin atalarının vəsiyyətinə görə qızıl yayı pozulmamış saxlayırlar. Vərəsəliyə əsasən bu yay üç qardaşın törəmələrinə çatırdı. Üç yerə bölünüb pozulması yayı gərəksiz bir əşyaya çevirir, magik gücünü - ox atmaq funksiyasını əlindən alırdı. O səbəbə də 3 oğlun və 4 nəvənin ardıcılları simvolik şəkildə özlərini yayın üç parçası – pozuğu sayırdılır. Və qızıl yay kimi bütövlüklərini – birlikdə olmalarını nümayiş etdirirdilər. Bozoxlar öz aralarında dörd olmaqla üç qrupdan ibarət idilər:

Birinci dördlük Gün xanın övladlarıdır: Kayı, Bayat, Alkaravlı (Alka-evli), Qara Avul (Qara-evli);

İkinci dördlük Ay xanın övladlarıdır: Yazır, Dogər, Dodurğa (Durdurqa), Yaparlı (Cayurlu);

Üçüncü dördlük Ulduz xanın övladlarıdır: Avşar (Əfşar), Kızık, Bəgdili, Karkın (Bayat, Əfşar, Bəgdili sonralar əsasən Azərbaycan türklərinin içərisində ərimişdir);

"ÜÇOXLAR - Oğuzun Yer qızından (onu su və ağacla əlaqələndirirlər) doğulan oğlanları Göy xan, Dağ xan və Dəniz xanın dünya səyahətində tapdıqları üç qızıl oxu bildirir. Oğuzların sol qanadı da 12-dir, eyni ilə 3-ün 4-ə nisbəti ilə artıb çoxalır:

Dördüncü dördlük Göy xanın övladlarıdır: Bayandur, Beçenə (Peçeneq), Çavuldur, Çəpəni;

Beşinci dördlük Dağ xanın övladlarıdır: Salur, Eymur, Alayurtlu, Ürəgür;

Altıncı dördlük Dəniz xanın övladlarıdır: İqdır, Bəgdüz, Yıva, Kınık. Bu boylardan Bayandur, Beçənə, Çavuldur, Salur, Alayurtlu, Bəgdüz Azərbaycan türklərini formalaşdıran tayfalardandır.

Oğuzların Bayandur, Salur və Əfşar soyu Azərbaycan tarixinin müxtəlif dönəmlərində ictimai-siyasi hadisələrdə, Bayat isə türklərin mədəni həyatında böyük rol oynamışdır.

Beləcə kainatın oğuz-türk mifik modelində dünyanın və oğuz cəmiyyətinin formalaşmasının başlanğıc mərhələsində 1, 2, 3, 4, 5, 6, 7, 9, 12, 24 və 33 sayları iştirak edir; hər biri dünyaqurmada daşıdığı müəyyən rola görə digərindən seçilib sakrallaşır. Başqa primitiv mifoloji sistemlərdən fərqli olaraq Oğuz-türk sakral say sistemində onluq rəqəmlər də nəzərə çarpır. Say etibarı ilə də sakrallıq funksiyasını öz üzərinə götürən rəqəmlər digər mifoloji sistemlərlə müqayisədə daha çoxdur, müxtəlif yozumlu və fərqlidir.

Oğuz-türk panteonunda iştirak edən rəqəmləri və onların funksiyalarını nəzərdən keçirək:

Bir (1) – Yaradıcının işarəsidir; mifdə ər/OĞUZu - kişi başlanğıcı bildirir.

İki (2) – Oğuzun arvadları - qadın başlanğıclardır // Oğuz soyunun qollarını və yerlə göyün birliyini - vəhdətini şərtləndirir.

Üç (3) – [1 (Vahid –Tanrı; Oğuz - ər) + 2 (1-ci arvad - göydən yerə enən işıq şüası + 2-ci arvad – ağac və su) = 3] Oğuzun evliliyini və maddi dünyanın quralmısını göstərən sakral rəqəmdəir.

Köy və yer qadınlarından doğulan oğlanlar - Kosmos və Yerdır.

Ümumiyyətlə, Oğuz türk mifində 3 sakral üçlük mövcuddur:

birinci üçlük: Oğuz və iki arvadı;

ikinci üçlük: kosmosla bağlanan üç oğul (Göy xan, Ay xan, Ulduz xan);

üçüncü üçlük: yer və onun orbiti ilə əlaqələnən üç oğul (Göy xan, Dağ xan, Dəniz xan).

Dörd (4) – Oğuzun hər oğlundan olan nəvələrin sayı // ilkin ünsürlər, dünyanın tərəfləri – istiqamətləri nəzərdə tutulur. Mifdə göstərilir ki, Oğuzun nəvələri yer üzünün şimalında, cənubunda, şərqində və qərbində məskunlaşırlar.

Beş (5) – Oğuzun bir oğlu və ondan doğulan 4 nəvəsidir.

Altı (6) – Oğuzun oğlanlarıın və şəcərənin ikinci nəslinin cəmidir [3/3] – kosmosla Yer kürəsinin vəhdəti deməkdir.

Yeddi (7) – Oğuzun hər qanadının başında duran 3 oğlu və onların hər birinin 4 nəvəsinin (3+4) işarəsidir. İlkin tayfa birliklərinin tərkibini bildirir.

Doqquz (9) – Oğuz-türk şəcərəsinin ilk nəslinin simvoludur. Daha doğrusu, Dünyanın tam mifik modelidir. 3 [1+2 (1+1)=3] + 6 [Hər arvaddan doğulan 3 oğlu (3 + 3)] = 9.

On iki (12) – Oğuz tayfalarının qanablarının, Bozox və Üçox tayfa birliklərinin sayıdır. [12+12].

İyirmi dörd (24) – Oğuzun nəvələrinin, şəcərənin üçüncü nəslinə daxil olan soyların cəmidir; tyfaların bölünməzliyini simfollaşdırır.

Otuz üç (33) – Qalın Oğuz elini (9+24 = 33) mənalandırır. Mifoloji anlamda Göy Tanrısının öz yaratdıqları ilə vəhdətidir. 9

9 [1+2 (1+1) + 6 (3 + 3) ] + 24 [Hər oğlundan 4 nəvə (6 x 4)] = 33

Onu da vurğulamaq lazımdır ki, 24-ün tayfa birliyini simvollaşdırması təkcə oğuz panteonu ilə məhdudlaşmırdı. Protürklərin əksəriyyətində özünə yer alırdı. L.Qumilev Biçurinə istinadən yazırdı ki, «Şan Yu Mətənin ordusu da 24 nəslə bölünürdü» [169, 89]. Herodot isə skiflərin 24 tayfaya məxsusluğunu bildirirdi. Deməli, göstərdiyimiz sxemlər çox dərin qatlardan gəldiyi üçün Türkün bir qanadına aid deyil, ümumiyyətlə, ümumtürk düşüncəsinin məhsuludur və bu sistemin davamını da müəyyənləşdirmək mümkündür.

F.Rəşidəddinə görə,
Gün xanın hər dörd oğlundan 1,
Ay xanın hər dörd oğlundan 2,
Ulduz xanın hər dörd oğlundan 3,
Göy xanın hər dörd oğlundan 4,
Dağ xanın hər dörd oğlundan 5,
Dəniz xanın hər dörd oğlundan 6 övlad dünyaya gəlmişdi [90, 218].

Bu rəqəmlərin cəmi 21-dir (1+2+3+4+5+6=21).

Nəzərə alsaq ki, Oğuzun 6 oğlunun hər birinin 4 övladı vardı, onda Ulu Atanın nəticələrinin sayı aşağıdakı şəkildə sistemləşdirilir:

Dəniz xandan (6 x 4) 32,
Dağ xandan (5 x 4) 20,
Göy xandan (4 x 4) 18,
Ulduz xandan (3 x 4) 12,
Ay xandan (2 x 4) 8,
Gün xandan isə (1 x 4) 4 nəticəsi var idi.
Ümumilikdə şəcərənin dördüncü nəslinin nümayəndələri (32 + 20 + 18 + 12 + 8 + 4) 94 nəfər idi. Dörd nəslin üst-üstə gəlməsi (6 + 24 + 94) 124 edir. Və bu rəqəmə bir kişi, iki qadın başlanğıcları da artırsaq, son nəticə (124+3) 127 alınır.

Tarixi mənbələrdə Ağqoyunlular dövlətinin başçısı Uzun Həsənin nəsil şəcərəsindən bəhs açarkən yazılır: «Bayandur xan ki, bu tayfa özünü onun nəsli hesab edir, Gün xan ibn Oğuz xanın oğludur; Oğuz xan Həsən padşahın əlli birinci babasıdır» [109, 7]. Deməli, XV yüzilliyədək Oğuzun 51 nəsli ömür sürmüşdür. Hər nəslə orta hesabla 50-60 yaş versək, Uzun Həsənlə Oğuz xanı təxminən 3 min illik məsafə ayırır. Bu da b. e. ə. II minilliyin əvvəllərinə təsadüf edir. Ona görə də Oğuzun belə uzaqlıqdan Mətə dövrünə gətirilməsi inandırıcı görünmür.

Beləliklə, qədim misirlilərə aid mifik dünya modelinin qurulması sakral doqquz rəqəmi ilə başa çatır. Türklərə məxsus strukturda isə birinci mərhələdə alınan cəm doqquzdur, kainat bütün elementləri ilə otuz üçlə meydana gəlir. Bir məsələni də açıqlamaq lazımdır ki, çox hallarda Oğuz yaradıcı kimi götürülür və ziddiyyət ortaya çıxır. Kişi-qadın başlanğıclar bəzi məqamlarda eyniləşdirilir. Faktiki olaraq əldə olan variantlarda qadınlar ancaq altı oğulun – dünyanın və kosmosun formalaşmasında iştirak edirlər. Sonra meydandan çıxarılırlar. Eləcə də iki istiqamətli qadın başlanğıcının kökü kənar dünyalarla bağlanır. Daha doğrusu, göyün yuxarı qatındakı Əsas Yaradıcının əhatəsindən gəlir. Bu, Oğuzun tanrıçılığına inamın üstündən xətt çəkir, ya da çox dərin qatlarda belə təsəvvür türk soylarının ancaq bir hissəsində mövcud olmuşdur.

Oğuz mifinin əldə olan əsas iki qaynağının birində («Oğuz kağan» eposunun uyğur variantında) göstərilir ki, Oğuzun qadınlarla əvvəlcədən heç bir əlaqəsi və tanışlığı olmamışdır. Özü də hərəsi bir inancdan – biri animistik (kosmosa aid cisim canlandırılır), digəri isə totemistik (insan ağacdan doğulur) görüşlərdən miras qalmışdır. Doğrudur, mifin islam görüşləri ilə qohumlaşdırılan F.Rəşidəddinə aid digər qaynağında (Oğuz Nuhun oğlu Yafəsin törəməsi kimi təqdim olunur) Oğuzun öz əmisi qızı ilə evlənməsinə işarə var. Belə ki, arzularının gerçəkləşməsində ona kömək edən qadın Allaha pənah gətirib öz doğmalarından üz döndərir. Həmin xəttin oğuz türklərinin islamı qəbul etməsindən sonra mifoloji hadisələrə artırılması şübhəsizdir (Cədvələ bax).

İndiyədək türk və bəzi rus alimlərinin fikri bundan ibarət idi ki, oğuzların ən uğurlu və əsas sakral rəqəmi 24-dür, çünki tayfa birliyi bu rəqəmlə tamamlanır. Əslində isə oğuz və ümumtürk mifoloji sistemində 24 - mifik dünyanın yaranmasında mövcud olan iki mərhələdən ancaq birində iştirakçıdır və bütövlükdə götürəndə əsas rol onun deyil, son nəticənin – 33-ün üzərinə düşür. Başqa sözlə, 24 müqəddəsliyin zirvəsi hesab ediləndə Oğuzun özü, iki arvadı və altı oğlu kənarda qalır. Dəlilləri ümumiləşdirəndə aydınlaşır ki, oğuz-türk mifik dünya modelinin ilk mərhələsi Oğuzun 6 oğlunun doğulması ilə başa çatır: Oğuz + iki arvadı + onların altı oğlu – nəticədə 9 alınır.

Əslində bu mərhələdə dünyanın əsas qatları formalaşır. İlkin olaraq kosmos-fəza: günəş, ay və ulduzlar meydana gəlir. Bu, dünyanın birinci qatıdır. Sonra göy təbəqəsi, dənizlər və dağlar yaranır. Qəribə orasıdır ki, Göy ikinci üçlüyün başında dayanır və Kosmosla Yer qatına – Dağ və Dənizə vasitəçilik misiyasını öhdəsinə götürür. İlk baxışda adama elə gəlir ki, bu strukturda dünyanın əsas elementi – Yer üstü torpaq çatışmır. Ev-yurd, yaşayış məntəqələri, şəhərlər salmaq üçün əsas məkan – çöllüklər, düzənlər də yoxdur. Lakin diqqət etdikdə görürük ki, mifik dünya modelinin qurulmasının ikinci mərhələsi məhz yerin – məkanın atributlarının meydana gəlməsinə həsr olunur. Orada daha çox insandan – türk soylarının yaranmasından, yurd yerlərindən bəhs açılır. Əgər oğuzların 33-lük sakral say sistemində mifik dünya modelinin kosmosla əlaqələnən hissəsinin yaranması doqquz (1 +2 + 6 = 9 – Oğuz, iki arvadı və oğlanları: Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) rəqəmində tamamlanırsa, qədim misirlilərin «Doqquz Böyük Allah» mətnində anoloji funksiya «beş»in (Günəş – Atum-Ra, onun övladları qadın Nut – Göy, kişi Heb –Yer, oğlan Şu – hava, qız Tefnut – su) öhdəsinə buraxılır.

Bir cəhətə də diqqət yetirək: türk-oğuz sakral say sistemində mifik dünya modelinin formalaşmasında iştirak edənlərin hamısı ikinci mərhələdə ancaq kişilərdir, lakin misirlilərdə Günəş tanrısı Atum-Ranın övladlarının ikisi qız (Nut və Tefnut), ikisi isə oğlandır (Heb və Şu). Nəslin davamı üçün bacı-qardaşla evlənir. Oğuzun özü, oğlanları və nəvələri daha sivil hərəkət edirlər, onlar qan qohumları ilə ailə qurmurlar. Lap başlanğıcda iki möcüzəli qadın kənar dünyalardan gəlib analıq vəzifələrini yerinə yetirməklə meydandan çəkilirlər. Bu, bəlkə də Dünya mifoloji sistemlərində yeganə haldır. Sonrakı proseslərdə qadın tərəf tamamilə nəzərdən qaçırılır, yəni Oğuzun oğlanlarının kimlərlə evləndiyi barədə məlumat dumanlı qalır, ərlər bütün hallarda öndə gedirlər.

Faktlar göstərir ki, Azərbaycanda rəqəmlərin sakrallığı həmişə diqqət mərkəzində olmuşdur. N.Gəncəvi XII yüzillikdə «Rəqəmlər rəmzinin taxtasında Nücuma aid bütün yazıları oxuduğunu» [72, 15] yazırdı. O, rəqəmlərin simvollaşması – sakrallığı barədə nücum elmindəki bilikləri dərindən mənimsəmiş və yaddaşlardan götürdüyü mifik görüşlər əsasında formalaşan müqəddəs saylar (1, 2, 3, 4, 5, 7, 9) əsasında poetik fiqurlar yaratmışdır. «Bir» sayına canlı varlıq kimi müraciət edərək (şəxsləndirərək) onu mifopoetik mənada Allahla eyniləşdirmişdir: «Sayın əvvəlində (bütün) birincilərin birincisisən, İşlərin sonunda bütün axırıncıların axırıncısısan» [76, 17]. Şair Yaradıcının ikili xüsusiyyətini «birinci-axırıncı» arxetipik simvollarını qarşılaşdırmaqla üzə çıxarırdı. Çünki Tanrı mərhəmətli olmaqla bərabər həm də qəzəbli və cəzalandıran idi. O, cənnətlə yanaşı cəhənnəmi də yaratmışdı. Nizamiyə görə, tanrı sayların birincisi və ən böyüyüdür. Hər şeyin bünövrəsi Vahidlə qoyulmuş, bütün varlıqlar Vahiddən törəmiş və bütün yerdə qalan varlıqlar – rəqəmlər Vahidin ətrafında daim dolanmaqla dünyanın bütövlüyünü təmin etmişdir. Çox hallarda Nizaminin nəzərində «iki» «Avesta»dakı dualizmi mənalandırdı. Şair dünyadakı əksliklərin bir-biri ilə əlaqələndirilməsindən danışanda da «iki» rəqəminə üz tuturdu: «Ancaq nə edim ki, hava iki rənglidir, Fikir geniş, sinəm isə dardır» [72, 36]. Ümumiyyətlə, Nizaminin əsərlərində sakral rəqəmlərin işlək dairəsi çox genişdir. Müasirlərinin və özündən sonra gələn sənətkarların heç birinin yaradıcılığında onun qədər saylara müraciət edən, onların sakrallığına söykənib fikrini daha obrazlı, anlaşıqlı ifadə edən olmamışdır. Bu səbəbdən də şairin poemalarının poetik strukturunda rəqəmlərin rolu və əhəmiyyəti ayrıca araşdırılmalıdır. «Xəmsə»dəki rəsmi hissələrdə dini mövzulardan yazması, mədhnamələrdə hökmdarları tərifləməsi, özü və ailəsi barədə məlumat verməsi qayəsinə, məramına görə bir-birindən tamamilə fərqli mövzular olsa da, hər birində məqam düşən kimi fikirlərini sakral rəqəmlərlə ifadə etmişdir, eləcə də ayrı-ayrı məsnəvilərindəki epik təsvirlərdə onlardan poetik vasitə kimi gen-bol faydalanmışdır. Nizami Azərbaycan xalqının mifologiyasına, inanclarına bələdliyini nümayiş etdirməklə yanaşı miflərin qədimliyinə, zənginliyinə və əhatəliliyinə heyrətini gizlətməmişdir. O, deyirdi ki, «Yeddi xəzinənin [yeddi göyün] qapısını [sən] açdın. Dörd gövhərə qədəm basdın...» Bəzən bir beytində bir neçə sakral rəqəmi bir-biri ilə əlaqələndirməklə bütöv mif strukturunu yazı yaddaşına köçürürdü. Məsələn: «O, yeddi məclisin, doqquz beşliyin Yusifi, Həm zamanın valisi, həm də vəliəhdidir» Xristian və islam dünyasında Yusif haqqında çoxsaylı mifoloji əhvalatlar yaranmışdır və Azərbaycanda onun möcüzələri barədə bu gün də xalq arasında əfsanələr dolaşmaqdadır. Yusif haqqında mifdə yeddi, doqquz və beş rəqəmləri elə sakrallaşmışdır ki, Şərqin və Qərbin bütün mütəfəkkirləri öz yaradıcılıqlarında ona üz tutmaq məcburiyyətində qalmışlar.

Məşhur «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» [71, 115] misrasını sakrallığın, mifopoetikliyin ən yüksək nümunəsi hesab etmək olar. Təkcə Nəsimi (1369-1417) yaradıcılığı imkan verir ki, Azərbaycan mifologiyasının mükəmməl strukturlara malikliyindən söz açaq. Diqqət edin: misrada işlənən ilk birdə (allahın zərrəsi olan insanda) iki (gerçək dünya və mənəvi dünya) yerləşir, lakin onun özü üçüncü birdə cisminə yer tapmır. Görəsən, nə səbəbə? Çünki birinci bir tək deyil, onda iki dünya yerləşməklə üçləşmişdir. Mifik görüşlərdə bir-üç bağlılığı qarşıdurmanın, ziddiyyətin zirvəsi sayılır. Əslində mifik anlamda üçdən başqa digər rəqəmlər (dünyanın elementləri) birin (bütövün, vahidin) içərisində əridilir. Eləcə də inanclarımıza görə, iki vahidi, yəni iki yaradıcını – iki dini idiologiyanı bir nöqtədə birləşdirmək mümkünsüzdür. Deməli, şair insanı allahlaşdırmağa təşəbbüs göstərir. Bu, türkünçox dərin qatlardakı Atalar kultundan gəlirdi və islama zidd mövqedə duran baxış idi. Digər tərəfdən, Nəsimi müsəlman görüşləri ilə tam razılaşırdı. Bəlkə bu səbəbdən çox ehtiyatlı tərpənirdi: kamil insanı tanrının özü ilə deyil, bir-iki mühüm xüsusiyyəti ilə (düşünmək və yaratmaq qabiliyyəti ilə) eyniləşdirirdi. Və Nəsimiyə qarşı din xadimlərinin etirazının mayasında o dururdu ki, şair Allahla üst-üstə düşən cəhətlərini verməklə İnsanın öz daxilində real və mifik dünyalardan ibarət daha möhtəşəm bir aləm yaratdığını vurğulayırdı. Məhz bu mənada Nəsimi kamil, yetkin insanı da vahid sayır və onda ikini, daha doğrusu, iki biri yerləşdirmək istəyir. İki vahidi (iki yaradıcı anlamında) isə bir-birinə qovuşdurmağa heç bir qüvvənin qüdrəti çatmırdı. Təsadüfi deyil ki, Şərq münəccimləri və astroloqlar on biri (11) ən ziddiyyətli, uğursuz rəqəm sayırlar. Çünki on birdə də - Nəsiminin irəli sürdüyü kimi, iki bir yanaşı işlənir

Beləliklə, müəyyən çağlarda ulu əcdadın mifik təfəkkürü elə mərhələyə çatmışdır ki, o, adi danışığında, söyləmələrində rəqəmlərlə çatdırmaq istədiyi bütün hadisələri mifik dünya modelinin meydana gəlməsi prosesinə uyğunlaşdırmışdır. Diqqət edin, əhvalatlar vahidlə başlayır: «Biri varımış, biri yoxumuş, allahdan başqa heç kəs yox imiş» [16, 149]. Sonra bir naməlum ölkə ilə ikiləşir, o ölkənin padşahı (yaxud şahzadəsi, taciri, ovçusu, əkinçisi və s.) meydana gətirilməklə isə üçləşir: «Göyün altında, yerin üstündə bir şah oğlu var idi» [14, 73] və primitiv də olsa, mifik dünya modeli (allah-yer-insan) qurulur. Əksər nağıllarda başlanğıcda qoyulan 3 rəqəmi süjet boyu bütün hadisələri müşaiyət edir: Padşahın bağındakı «alma ağacı birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü gündə bar verərmiş» [67, 51]. Sonra üç oğul meydana atılır. Meyvələrin qorunmasına üç dəfə təşəbbüs edilir. Yeraltı aləmlərin təsvirində üçün magik gücü fəaliyyətini davam etdirir. Şahın oğlanlarının üçü də quyuya düşmək istəyir. Kiçik qardaş üç devlə və üç qızla rastlaşır. Hər devin ayağını üç dəfə xəncərlə dəlir. Üç gün, üç gecə vuruşur və s.

Rəqəmlərin mifoloji əsasları ilkin dünyagörüşünün məhsuludursa, hesab və hesablama strukturları nisbətən sistem halda bir qədər sonrakı çağlarda - arxaik mədəniyyətlərin formalaşması başa çatanda meydana atılmış, bundan sonra saylar həm də gerçək, həqiqi mənada dərk olunmuşdur.

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (25.04.2010)
Baxış: 870 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz