Çərşənbə, 08.05.2024, 00:59
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Xəqani Şirvani (rübailər)

R Ü B A İ L Ə R

1

Məni bu sevgidir yaxıb yandıran,
Bu eşq ürəyimi eləyibdir qan.
Dərdli olmağımı sanmıram bir dərd,
Dərd odur ki, bunu duymayır canan.

2

Alçaq adamlardan çəkdiyim tənə
Fələyin zülmündən ağırdır mənə.
Bunlardan ağırdır yarın fərağı,
Lakin möhtaclıqdan yaxşıdır yenə.

3

Dünyadır ahıma kiçik bir meydan,
Naləmdən göyləri çulğamış duman.
Ümid ayağıma hey tikan batar,
Ömrün şüşəsinə daş dəyər hər an.

4

Heç kəs mən tək qərib, biyar olmasın,
Həm aciz, çarəsiz, həm xar olmasın,
Məni hicran dərdi salıbdır əldən,
Həkimsiz yerlərdə bimar olmasın.

5

İstəsən ki, olsun şərəfin yüksək
Daim təvazökar olasan gərək.
Sadə adamlarla, get, həmsöhbət ol!
Yüngül şey tez qalxar yuxarı, bişək.

6

Könlümün dərdinə dərman eyləyin,
Məni o dilbərə qurban eyləyin;
Dəliyəm, səhrayə üz döndərmişəm,
Məni zəncirləyin, ehsan eləyin.

7

Sinəm atəş saçar, könlüm olub qan,
Gətir o qan rəngli odlu şərabdan!
Mey atəşli qandır, hər an tökərik
Odu od üstünə, qan üstünə qan.

8

Saçın bəzək verdi o dəm ki, ayə,
Tutdu ağ üzünü qaranlıq sayə.
Ey cənnət pərisi, mənə söylə, gəl,
Sənə kim süd verib, kim oldu dayə?

9

İstəsən güzgü tək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kinə, paxıllıq, tamah.
Kibr, riya, həsəd, ədavət, kələk.

10

O gün ki, öyrəndi eşqi pərvana,
Od vuruldu, qaldı şam yana-yana.
Yanır pərvanə də şamla bərabər,
Çünki hər ikisi öyrənib buna.

11

Pərişan qəlbimi al ələ, ey yar,
Vurduğun şikarı qaldırıb apar!
Təqsirsiz Xaqani sənin qulundur,
Ya sağ qoy, ya öldür, ixtiyarın var.

12

Getdi, ürəyimi apardı dilbər,
Qulağım qapıda, gözüm yol çəkər.
Qulağım soruşur gözdən: - Gördünmü?
Göz deyir qulağa: - Varmı bir xəbər?

13

Xudpəsənd olmasan xalq səni sevər,
Hamıya fayda ver, çəksən də zərər,
Xurma ağacı tək paltar geymə sən,
Təvazökar olan daim yüksələr.

14

Məni öldürməyin vacibsə əgər,
Bircə xahişimi dinlə, a dilbər!
Ləblərin meyilə məst edib əvvəl,
Sonra kirpiklə vur canıma neştər.

15

Şer səmasında günəşəm bu gün,
Sözümdür hər kəsin sözündən üstün:
Günəş yeddi göyə sultan olsa da,
Fəqir gədasıdır şer mülkümün.

16

Şərab məclisində məni etsən yad.
Bu qəmli ürəyim olar xeyli şad,
Jəfadan əl çəkib, vəfalı olsan.
Olaram möhnətdən, qüssədən azad.

17

Alçaq adamlardan doysa da cahan,
Ağıllılar olur torpaqla yeksan.
Xaqani, dövranda yaxşılıq umma,
Yol üstə oturma, gec gələr karvan.

18

Ağ üzlü, qıvrımsaç qızın eşqindən
Gürcücə öyrəndim Abxazyada mən.
İncəldi tük kimi dilim, hər tüküm
Dönüb bir dil oldu "modi" deməkdən.

19

Baharın nəsimi əsir hər səhər,
Bizim gülümüzdən yoxdur bir xəbər.
Qızıl gül pərdəni yırtdı, heyif ki,
Pərdədə gizlənir gül üzlü dilbər.

20

Eşqindən od tutub atəş odlanır,
Lütfündən naləsi ərşə dayanır.
Üzündə xalını görənlər deyir:
- Hindli od içində əyləşib, yanır.

21

Yeni dərdlər verir mənə o dildar,
Qəlbimi qəmləri vurub yaralar.
Dünyanı yandıran naz varsa yarda,
Məndə də fələyi yandıran ah var.

22

Zənn etmə fələyin çərxi düzələr,
Ömür dolandıqca artır dərdi-sər,
Fələyin başına demə kül olsun,
Bir ovuc külə də dəyməz fələklər.

23

Xaqani, hümmətə sığındıqca sən,
Alçaqlar tək cəlal, şöhrət güdməzsən.
Bir piyada olub düz getmək xoşdur
Bir vəzir olub da əyri getməkdən.

24

Qəlbimdə hansı dağ yoxdur bəladan?
Sinəmə nə oxlar dəymir qəzadan?
Deyirlər: - Nə olub dərdlisən belə?
- Ömrüm dərdlə keçib mənim binadan.

25

Könlümü tapşırdı hicrana canan,
Odlandı varlığım gəlincə hicran.
Uçuqlatdı məni bu qızdırmalar
Ki, öpə bilməyim yar dodağından.

26

Bir qəmim vardır ki, ümmana sığmaz,
Naləmi dil tutmaz, bəyana sığmaz.
Ey, deyən dünyada nə dərdin vardır?
Bir dərdim vardır ki, cahana sığmaz.

27

Ey adı gözəllik timsalı olan,
Vəslini arzular min əhli hicran.
Günəş işıq alar sənin üzündən,
Huri balasısan, behiştin - Şirvan!

28

Gözəllər şahısan, mən sənə bəndə.
Acı ağlayaram sən xoş güləndə,
Mən tozam, torpağam, sənsə bir külək.
Göyə sovruluram sən bərk əsəndə.

29

Xaqani, bu sitəm evini at, get!
Qəmi qəm evində buraxıb, şad get!
Fələyin verdiyi bu can zəncirdir,
Janı qaytar ona, özün azad get!

30

Gənclik atəşində yananda könül,
Mən bir pərvanəydim oynaq və şəngül.
O atəş sönüncə, pərvanə yandı,
Yerində nə qaldı? Torpaq ilə kül.

31

Hanı ürəyimin məlhəmi - zəhər?
Hanı həyatımı bitirən xəncər
Hanı dərdi, qəmi unudan ölüm?
Gəlsələr, çəkmərəm belə qəm, kədər.

32

Xaqani, dünyada rahatlıq varmı?
Fələklə çarpışmaq mümkün olarmı?
Jəmə, Firiduna qalmayan dünya,
Bir düşün, zavallı, sənə qalarmı?

33

Xaqaninin qəlbi ahla büryandı,
Səbr də yanaşıb ona odlandı.
Pərvanə alışan görəndə şamı,
Şama həmdəm olub, odlara yandı.

34

Jan mülkündə şadlıq quşun - məhəbbətdir,
Ülviyyətə hər uçuşun - məhəbbətdir.
Bu dünyada şan-şöhrətin, şərəf tacın.
Əbədiyyət qurtuluşun - məhəbbətdir.

35

Bahar gəlib, istər güllər gülə yenə,
Ömür bağım nəsim istər külə yenə.
Gül atıbdır hicabını göy çəməndə,
Gülüzlümsə bürünübdür tülə yenə.

36

Sandı bir gün söz sultanı hamı məni,
Qızıl taxtın şölə saçan şamı məni.
İndi sönən bir çırağam, göz yaşımla
Ovundurur yoxsulluğun damı məni.

37

Xaqanisən, gələcəksən vəcdə hələ,
Söz mülkündən alacaqsan öcdə hələ.
Pərvanətək yanan şama yanma daha,
Süsən kimi sən günəşə səcdə elə.

38

Ürək yanğım asimana sığan deyil,
Odlu ahım heç bir yana sığan deyil.
Deyirsən ki, bu dünyada yoxdur qəmin,
Dərdim-qəmim bu cahana sığan deyil.

39

Mey camıma namərd ağı süzsün mənim?
Gərdənimə həmaillər düzsün mənim?
Mərd boynumu namərd əli qucmaqdansa,
Mərd qılıncı birdəfəlik üzsün mənim.

40

A yar, eşqin atəşlərə yaxıb məni,
Dərdim şam tək şamdanlara taxıb məni.
Göz yaşımdan, yanmağımdan xəbərsiz yar!
Hər gecə an, - yanan şama baxıb məni,

41

Qəm odundan qanlar saçar közə bağrım,
Yana-yana dönər oda, közə bağrım.
Eşq odunun səməndəri olsam belə,
Çox çətin ki, bu yanmağa dözə bağrım.

42

Amansızdır - candan camı umar gözün,
Jəllad kimi qılıncıyla cumar gözün.
Elə sərxoş bir saqidir xumar gözün,
Gözlərimi bu həyata yumar gözün.

43

Tənə oxu qəlbə dolmaq - fəlakətdir,
Həsrət ilə qəmdən solmaq - fəlakətdir.
Gözəl yarın ayrılığı öz yerində,
Alçaqlara möhtac olmaq - fəlakətdir.

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (21.12.2009)
Baxış: 2304 | Şərhlər: 3 | Reytinq: 3.3/3
Bütün şərhlər: 3
0  
3 nardaran   (25.11.2010 21:47) [Мəlumat]
AZER[color=red]bay[color=green]can

0  
2 nardaran   (25.11.2010 21:46) [Мəlumat]
prof bize bilik lazimdir avaralammaq yox

0  
1 nardaran   (25.11.2010 21:45) [Мəlumat]
cox qeseng men bu sayta 100000000000000000000000000000000000000000 xal verirem smile

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz