Cümə, 26.04.2024, 01:37
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Azərbaycanın xilaskarı Nuri Paşa (Nuri Killigil)

5 sentyabr Bakının işğaldan qurtuluşu günüdür! 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə demək olar ki, ölkəmizin bütün əraziləri işğal altında idi. AXC-nin Osmanlı dövlətinə hərbi dəstək barədə etdiyi təklifə Osmanlı dövləti razılıq verdi və beləliklə də Sultanın əmri ilə Osmanlı dövlətinin Hərbiyyə naziri Ənvər Paşa Qafqazı işğaldan azad etmək üçün Qafqaz İslam Ordusu yaratdı və qardaşı Nuru Paşanı bu Orduya komandan təyin etdi. Qafqaz İslam Ordusunun missiyası Qafqazı azad etdikdən sonra digər işğalda olan islam ölkələrinə də yardım etməyi nəzərdə tuturdu. Qafqazda inanılmaz qələbələr qazanaraq ingilis, rus qoşunlarını və erməni birləşmələrini məğlub edən Nuru Paşa Azərbaycanın Milli Ordusunun yaradılması və formalaşmasında da xüsusi və mühüm rol oynamışdır. Sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 91-ci ildönümüdür. Bu tarix Türk millətinin şərəf tarixidir.

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onun qardaşı, Osmanlı dövlətinin hərbiyyə naziri Ənvər Paşa, çoxlarının general kimi qibtə etmələrinə baxmayaraq, keşməkeşli bir ömür yolu keçib. Həyatları boyu Turançılıq idealı ilə yaşayan və türk xalqlarını vahid dövlətdə birləşdirməyə çalışan bu qardaşların sonrakı aqibəti heç də ürəkaçan olmayıb. Osmanlı xanədanının kürəkəni olan qardaşlardan biri həyatının sonunu Mərkəzi Asiyanın qumsal çöllərində qaçaq olaraq keçirib. Digər paşa qardaş isə biznesə qatılsa da, bəxti gətirməyib.

"Bakı xilaskarı” Nuru Killigil Paşa

Nuru Killigil Ənvər Paşanın bir yaş kiçik qardaşıdır və 1881-ci ildə doğulub. Qardaşı Ənvərdən fərqli olaraq, Nuru Killigilin uşaqlıq və gənclik həyatı ilə bağlı məlumatlar olduqca azdır. Dövrün araşdırmaçıları Nuru Killigilin Liviya, Balkanlar, İraq və Qafqazda gedən döyüşlərdə peşəkar zabit kimi iştirak etdiyini və "əsl döyüşçü” olduğunu yazırlar. Sərrast nişançı olan N.Killigil 1911-ci ildə o zaman mayor rütbəsində olan qardaşı Ənvərlə birlikdə iştirak etdiyi Benqazi döyüşündə şəxsən 100 italyan əsgərini məhv edir. Mudros müqaviləsindən sonra ingilis-fransız qüvvələri Nuru Paşanı axtarışda olan 7 yüksək rütbəli osmanlı zabitinin siyahısına salaraq, hətta onu "milliyətçi-residivist” adlandırırlar.

Ənvər və Nuru paşaların hərbçi kimi yetişməsində əmiləri Xəlil Kut Paşanın da mühüm rolu olub. Azərbaycanın müstəqilliyində mühüm rol oynamış Osmanlı zabitlərindən olan Xəlil Paşa Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində əvəzsiz rol oynayıb. Həmçinin Birinci Dünya Müharibəsində İraqdakı Kutul-Amare bölgəsində başda general Tounşend olmaqla 13 min ingilis əsgərini əsir götürməsi ilə tarixə adını yazıb.

Osmanlı hərbiyyə naziri Ənvər Paşanın əmri ilə 1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusu Nuru Killigil və Xəlil Paşanın komandanlığı altında Azərbaycana göndərilir. O zaman yarbay rütbəsində orduda xidmət edən Nuru Killigil Qafqaz İslam Ordusuna paşa (general) rütbəsi ilə komandan təyin olunur. Bir müddət Gəncədə Azərbaycan ordusunun təşkilatlanması ilə məşğul olan Nuru Paşa Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini məğlubiyyətə uğradır. Qələbəsini əks-hücumla davam etdirən Qafqaz İslam Ordusunun irəliləyişinin qarşısını almaq üçün ingilislər Bakıya qüvvə göndərir. Azərbaycan daxilindən, yerli əhalidən böyük dəstək alan Qafqaz İslam Ordusu ingilis qüvvələrini də Bakı ətrafında məğlub edir. General Səməd bəy Mehmandarovla birlikdə indiki "Sahil” bağının yerində Bakının azad edilməsi ilə bağlı ilk hərbi paradı təşkil edir.

Mudros müqaviləsinə uyğun olaraq Osmanlı əsgərlərinin Azərbaycanı tərk etməsinə baxmayaraq, Nuru Paşa 1920-ci ilədək Azərbaycanda qalır və Qızıl Orduya qarşı Qarabağ üsyanını təşkil edir.

Azərbaycan Demokratik Respublikası süquta uğrayandan sonra Almaniyaya köçən N. Killigil 1938-ci ildə yenidən Türkiyəyə dönür. Zeytunburnunda kömür satan bir şirkəti satın alaraq oranı fabrikə çevirir. İş adamı kimi fəaliyyətini quran N.Killigil Türkiyə ordusu üçün tapança, qaz maskaları və güllə istehsal etməyə başlayır. Hazırda bir nümunəsi bu gün də Baş Qərargahın silah muzeyində saxlanılan və "Nuri Killigil” adlanan 9 mm çaplı yarım avtomatik tapança dövrünün ən gözəl dizaynına malik olub. N. Killigilin layihələndirdiyi 8+1 güllə tutumlu, başlanğıc sürəti 240 m/saniyə, uzunluğu 17 sm olan bu tapançanın təsir məsafəsi 50 m təşkil edibb. N.Killigil bu tapança modelinin istehsalına 1945-ci ildə İstanbulun Kağıthane massivindəki fabrikdə başlasa da müəssisə 1946-cı ildə təxribat nəticəsində yandırılır. Həmin il Türkiyənin hərbi sənayeyə artan tələbatını ödəmək məqsədi ilə N.Killigil fabrikini genişlədərək Sütlücəyə köçürür. Burada yeni dəzgahlar quraraq minaatan və minaatan mərmilərinin istehsalına da başlayır. Ancaq bir müddət sonra silah istehsalını dayandıracağını bəyan etsə də, istehsalı gizlicə davam etdirir.

Nuru Paşanın reallaşmayan Turan ideyası

1941-ci ildə Almaniyanın Türkiyədəki səfiri Franz fon Papen ilə görüşdən sonra N.Killigil gizli şəkildə Türkiyədə Turançılar hərakatına gizli dəstək verməyə başlayır. Onun Turançılıq barədə fikirləri Almaniya Xarici İşlər Nazirliyinin Türkiyə işlərindən məsul məsləhətçisi Ernst Voermann tərəfindən hazırlanan hesabata salınır. Bundan sonra Berlinə çağrılan N.Killigil Məmməd Əmin Rəsulzadə, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski ilə birlikdə Almaniyada Turançılıq Masasının və SS-in Türküstan alayının qurulmasına rəhbərlik edir.

Nuru Paşa azərbaycanlıların və türkmənlərin, habelə Tatarıstana qədər uzanan bölgədəki türk xalqlarının Türkiyəyə inteqrasiyasını vacib sayırdı. Onun fikrincə, Türkiyə Almaniya ilə birlikdə Sovetlər Birliyinə qarşı döyüşməli, almanlar da türk əslli Sovet əsirlərindən ordu quraraq, onları Türkiyənin komandanlığı altına verməli idi.

N.Killigilin II Dünya Savaşında Almaniya ilə sıx əlaqələrinin mövcudluğuna dair sənədlər Uğur Şamçının "40-ların Cadugər Qazanı” adlı kitabında da əks olunub. U.Şamçı yazır ki, müharibə illərində Nuru Paşanın irqçilik-turançılıq xülyaları ilə Almanların SSRİ-ni işğal etmə planları üst-üstə düşüb. Almanlar şərqə genişlənmə siyasətində N.Killigilin bəzi tövsiyələrindən yararlanıblar. SSRİ-də yaşayan türk xalqlarının nümayəndələrindən ibarət legionların yaradılması təklifi də N.Killigil tərəfindən irəli sürülüb.

Reha Oğuz Türkan isə N.Killigil ilə almanlar arasında son məqamda fikir ayrılığı yarandığını yazır: "SSRİ-nin dərinliklərinə irəliləyən almanlar Qızıl Ordudan milyonlarla əsir götürmüşdülər. Bunların arasında on minlərlə azərbaycanlı, özbək, qazax, qırğız, tatar, türkmən və digər türk xalqlarının nümayəndələri var idi. N.Paşa Almaniyanın müdafiə naziri Alferd Rozenberqlə görüşdə türkdilli xalqların nümayəndələrindən alaylar təşkil edərək ruslara qarşı döyüşlərdə istifadə etmək təklifini irəli sürmüşdü. Hitler tərəfindən bəyənilən bu təklifə əsasən SSRİ türklərindən ibarət olan bu qoşunlara komandan olaraq Nuru Paşa düşünülürdü. Paşa almanlardan SSRİ-dəki türk yurdlarının Almaniya müstəmləkəsi olmayacağına, müstəqilliklərinə hörmət göstəriləcəyinə dair zəmanət verilməsini və bunun dünyaya elan edilməsini istəsə də Hitler sovetlərdən azad ediləcək türk xalqlarına müstəqillik təminatı vermir. Rozenberq və daha sonra görüşdüyü Ribbentrop "indi yeri deyil, hələ işə girişin, sovetlər məğlub olsun, o zaman düşünürərik” dedikdə Nuru Paşa danışıqları dayandırıb, Türkiyəyə qayıdır”.

Paşanın müəmmalı taleyi

Nuru Paşa isə silah fabrikində dünyasını dəyişir. 1949-cu il martın 2-si saat 16.30-da fabrikdə baş verən böyük bir partlayış nəticəsində Nuru Killigil başda olmaqla 27 nəfər həlak olur. Partlayış o qədər güclü olur ki, Nuru Paşanın və digər ölənlərin cəsədini belə tapmaq mümkün olmur. Hadisə yerində olan Xəlil Kut Paşa isə möcüzə nəticəsində sağ qalır. Mətbuat partlayışın təxribat olduğunu yazsa da, hökumət məsələyə heç bir aydınlıq gətirmir. Bəzi məlumatlara görə, partlayış masonlar tərəfindən, N.Killigilin İsraillə müharibə şəraitində olan Misirdən silah sifarişi aldığı üçün törədilib.

P.S 15 sentyabr 1918-ci il Bakının azad edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti ərazilərinin işğaldan təmizlənməsi başa çatmış hesab olundu. Həmin tarixdə indiki Sahil bağı ərazisində bayram mitinqi və Azərbaycanın ilk hərbi paradı keçirildi. Və əraziyə Hürriyyət meydanı adı verildi. Daha sonra həmin ərazidə park salınaraq, Azərbaycanın işğalında bilavasitə iştirak etmiş 26-ın "şərəfinə” abidə qoyuldu və bağ onların adına verildi. Ötən il Türk Hərəkatı İctimai Birliyinin uzun sürən cəhdlərindən və ölkə başçısına etdikləri müraciətdən sonra 26-ın abidəsi həmin ərazidən götürüldü. Hərəkat əraziyə ilk adının (Hürriyyət bağı) qaytarılması və bağda Nuru Paşanın abidəsinin ucaldılmasını təklif edir.

[b]

Ziya SƏCCAD Babayev

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (21.12.2009)
Baxış: 744 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz