Cümə axşamı, 25.04.2024, 02:39
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » İyul » 11 » Yusif Vəzir Çəmənzəminli- Qüvvəli İstiqlal məqaləsi.
13:34
Yusif Vəzir Çəmənzəminli- Qüvvəli İstiqlal məqaləsi.
QÜVVƏLİ İSTİQLAL.

Dünyada hər bir dövləti təşkil edən üç amildir: torpaq, millət və hakimiyyət. Bu gün Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir. Lakin məmləkətlər arasında fərqlər çoxdur.

Məsələ, köhnə Avstriya-Macarıstan dövlətilə Almaniyanı müqayisə edək. Tövr-idarəsində başqa bu iki dövlətin əsl mahiyyətində böyük fərqlər görünür. Almaniyanın tam əksəriyyətini təşkil edən alman milləti olduğu halda Avstriya-Macarıstanda cürbəcürə millətlər yaşayırdı. Onun üçün səmaməti-mülkiyyə Almaniyada Avstriya-Macarıstadan çox idi.

Ola bilər ki, bir məmləkətdə daxili müsalimət çox millətlərin vücudi ilə də təmin olunsun. Bu halı Şimali Amerika cəmahiri-müthədəsində görürük. Dürlü millətlər vətəni olan bu cümhuriyyət ən sağlam bir idarəyə istinadən xoşbəxt yaşayır və xalqının rahat və istirahətini təmin edərək rəğbətini qazanır. Bunun səbəbi isə uca bir idarə, gözəl bir qanundur.

Bir tərəfdən ədalətli bir idarə, o bir tərəfdən qüvvətli bir mədəniyyət məmləkətdəki bütün millətləri yoğurub bir qəlibə salır. Hər kəs ümumi vətənini sevir və onun mədəniyyətini qeyri-məcburi bir halda alır.

Türk idarələrində ən qədimdən bəri istila olunmuş millətlərə qarşı bir ədalət yeridilmişdir; heç bir millətin daxili işinə qarışılmamış. On ikinci əsrdə qərbə doğru axıb gələn tatar qüvvələrinə nə qədər vəhşilik isnad etmək istəmişsələr də, bitərəf mürğlər tatarların da idarəsinin ədalətli olduğunu inkar etməyirlər. Neçə əsr Rusiyanı hökmü altında saxlayan tatar, rus, millətinin daxili işlərinə qarışmadı; dini və milli məsələlər tatar hakimiyyətindən kənarda qaldı. Eyni halı Osmanlı idarəsində də görürük: ermənilər, bolqarlar, rumlar, qreklər, serblər və başqaları milli və dini məsələlərində asudə idilər. Ancaq Türkiyə, Amerika kimi qəvi bir mədəniyyətə malik olmadığı üçün əlinin altındakı millətləri yoğurub bir şəklə sala bilmədi. Türkiyədə sakin bütün millətlər ümumi məmləkət mədəniyyətindən ayrılıb, öz milli mədəniyyətlərinin inkişafına çalışdılar. Türkiyədən faydalanmaq istəyən avropalılar da bu millətləri tutmağa başladılar. Avropa mədəniyyəti Türkiyəyə ən əvvəl məhkum millətlər vasitəsilə girdi. Müstəbid sultanlar, cahil “alimlər”, hürufat müşkülatı, Şərq tənbəlliyi Avropa mədəniyyətinə tərəf müqabil gəldisə də, yalnız müsəlmanlar bu mədəniyyətdən məhrum qaldılar, xristianlar isə tərəqqi etdilər. İş bu yerə gəldikdə xristianlar çürük türk idarəsindən bezməyə üz qoydular. Türkün münəvvər qismi də bunlara qoşulub inqilab doğurdular. Əski Rusiya dövləti də çox millətlərdən ibarət idi. Burada əksəriyyət təşkil edən velikoruslardan başqa finlər, estonlar, latışlar, litvalılar, polyaklar, beloruslar, malo ivanlar, ukraynalılar, gürcülər, ermənilər, türk tatarlar və yəhudilər də var idi. Rusiya ən fəna bir idarəyə malik idi. Tək velikoruslar hakim millət sanılırdı, başqalar isə məhkum idilər. Hakim millət öz din və millətini məhkum millətlərə cəbri-istibdad təriqilə qəbul etdirmək istəyirdi.

Məhkum millətlər də bunu duyaraq rus mədəniyyətinə alışmaqdan çəkinirdilər. Rus idarəsi öz mədəniyyətini sərf etməkdə də xəsislik edirdi. Məhkum millətləri həmişə qaranlıqda saxlamağa çalışırdı. Bunun üçün məhkumlar ilə hakim arasında daimi bir uçurum olduğu hiss olunurdu. Böyük inqilab rəsmi pərdəni qaldırdı və uçurumu bütün aləm gördü.

Uçurumun bir tayında bir Azərbaycan da meydana çıxdı. Bu məmləkət mühüm bir ölkə, sənəm bir qitə degil. Bura tarixdə ad qoymuş və istiqlaliyyətini neçə əsr əvvəl qayib etmiş bir dövlətdir. On ikinci əsr miladilə Atabəy Şəmsəddin Eldəgiz qayib indiki Qafqaz və İran Azərbaycanını bitişdirdi, bir məmləkət şəklinə saldı. Atabəy Nəsrəddin Əbubəkr ibn Cahan Pəhləvan aranda, yəni indiki Qafqaz Azərbaycanında və əsl Azərbaycanda iyirmi il səltənət sürübdür.

Bu günkü Azərbaycan ən sağlam vücuda malikdir. Burada tam əksəriyyəti təşkil edən Azərbaycan türküdür.

Bu millətin özünəməxsus mədəniyyəti var. Mədəniyyətimiz o qədər qüvvətldir ki, bizdən başqa qonşularımızı təsir altında saxlayıb və saxlamaqdadır. Dilimiz Qafqazda, Xəzər arxasında və Şimali İranda ümumi bir dildir. Bu dildə Dağıstan qövmləri, ermənilər, bir çox gürcülər və rus mühacirləri danışırlar; musiqimizdən və teatromuzdan qonşularımız da faydalanırlar. Milli operamız vətəndən dişarılarda da şöhrət tapmağa başladı...

Bu hallar mədəniyyətimizin qüvvətliliyinə dəlildir. İndiyə kimi biz məhkum idik, lakin mədəniyyətimiz hakim idi. Yəni qeyri-məcburi olaraq qonşularımız arasında yayılırdı. Bundan sonra ehya olunmuş istiqlaliyyətimiz sayəsində mədəniyyətimiz geniş meydan alacaqdır.

Böyük türk irqinə mənsub olduğumuz üçün türk idarəsinin ədalətini saxladıq; bu gün vətənimizdəki xırda millətlər bizim ilə bərabər yaşamalıdırlar, bunların hüququ heç bir qanun ilə təhdid olunmuyub və olunmayacaqdır. Hökümətimiz ədalət hökmranlığını daimi surətdə təmin etməyə çalışmalıdır.
Baxış: 459 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz