Cümə axşamı, 25.04.2024, 18:34
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Sentyabr » 24 » Hesen bey Zerdabi:Ortaq turkce haqqinda meqale.
00:38
Hesen bey Zerdabi:Ortaq turkce haqqinda meqale.
ORTAQ TÜRKCƏ HAQQINDA MƏQALƏLƏR
HƏSƏN BƏY ZƏRDABİ
İTTİHADİ-LİSAN

Keçən nömrədə dil və din barəsində yazmışdıq ki, hər tayfa elm təhsil edən vaxtda lazımdır ki, öz dilini və dinini bərk saxlasın. Həqiqət, elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa, otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır. Belədə insanın rəyi də təğyir tapa bilir və əgər din bizim avam mollalar deyən kimi olsa ki, hər bir tərəfdən götürdüyümüz adətləri də dinə qarıştırıblar, o vaqtda belə din ağıl ilə düz gəlmədiyinə bərpa olur. Ona görə lazımdır ki, mətləb əsil din üstə olsun. Əsil din işıqdan qorxmaz. Hətta dəxi artıq işıqlanıb şəfəqi dəxi uzağa gedər. Pəs elm təhsil etməkdən din əldən getməz. Bəşərti ki, din əsil din ola. Vay elmsiz, qeyri tayfalara qarışanların gününə ki, zikr olan hala düşəndə dayaqsız uyuq kimi olduqlarına, bir bərk küləyə bənddirlər ki, onları aparıb qeyri tayfalara qarıştırsın. Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədəri günü-gündən artacaqdır, belə sözlər artmağın dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olurlar. Amma bəşərti ki, tayfa birdən bu yola düşüb getsin. Elə ki, tayfa özü təprənmədi, tək bir adam o yola düşdü, onların dili günü-gündən o tayfanın dilindən artıcaq aralandığına, bu tək yol gedənlər bir-bir lap aralanıb qeyri tayfalara qarışa bilirlər. Odur ki, elm təhsil etmək ana dilində olanda tərəqqi etməyə səbəb olar və bu alətlər, yəni kitablar, məktəblər, qəzetelər və qeyrə ana dilində olduğuna [görə] tayfanın birdən-birə təprənməyinə səbəb olurlar və tək-tək kənara gedən az olur və ya heç olmur.

Biz Rusiya dövlətinə tabe olan müsəlmanların hamısı türkdürlər. Bizim əsil dilimiz türk dilidir. Amma bu dil ayrı-ayrı yerlərdə cari olduğuna hər tərəfdə bir qeyri cür şivəyə düşüb qeyrilərdən aralanıb, əlbəttə, zikr olan qayda ilə bu türk tayfaları elm təhsil etməyə başlayıb. Yəni qaranlıq otaqdan çölə çıqıb tərəqqi yoluna düşəndə bir-birindən dəxi artıq uzaqlaşacaqdırlar. Belədə bir az vaqtdan sonra onlar bir-birinin nə ki danışığını, hətta yazdığını da anlaya bilməyəcəkdir. Pəs heç insafdırmı ki, biz türklər bir dildə, bir dində ola-ola bir-birimizdən aralanıb artıq gücdən düşməyimizə səbəb olaq? Ona görə bizlərə vacibdir ki, imdi vaxt keçməmişdən ittihadi-lisan dalıycan olub bir ümumi dil bina edib bu ümumi dildə yazıb oxuyaq ki, vaqtilə o dil hamının yazıb oxumaq dili olsun. Belədə Rusiyada olan türk tayfaları getdikcən bir-birlərinə artıq yavuqlaşıb, birləşməkdən artıq da güclənib tərəqqi etməyə qadir olurlar və qardaşlıqları dəxi də möhkəm olur.

Bu halda bizim türk dilində Bağçasarayda çıxan "Tərcüman" qəzetəsi və Peterburqda çıxan "Nur" qəzetəsi bu ümumi dil üstə bəhs edirlər. "Tərcüman" 30 ildir çıxır. Bu 30 ilin müddətində hər tərəfin müsəlmanları qeyri qəzeti olmadığına görə onu aparıb oxuyublar. Odur ki, bəradərimiz İsmayıl bəy istəyor ki, "Tərcüman" dili ümumi dil olsun. Amma axund Bayezidov "Nur" qəzetesini tatar şivəsində çıxarır və hər bir türk tayfası qəzetəsinin öz şivəsində çıxmağını istəyor.

Çünki biz Rusiyada olan türk tayfaları üçün ümumi dil işlətmək vacibatdandır və bu halda belə ümumi dil bina etmək çox çətindir. Ona görə məsləhətdir ki, hər tayfa öz xeyrini gözləyib bir az vaqt artıq zəhmət qəbul edib uşaqlarına təlimi-ülum edəndə qeyri türk şivələrini də yaddan çıxarmasın ki, bu uşaqlar gələcəkdə öz din qardaşlarını dəxi yaxşı tanıyıb onlar ilə dəxi artıq yavuqlaşıb həqiqi qardaş olmaqdan ötrü özləri üçün bir ümumi dil də bina etsinlər.

Bizim Qafqaz[lı] qardaşlarımızdan gələcəkdə ümumi dil məqdur olmağını gözləyib, təvəqqe olunur ki, bu halda qəzetə camaat oxumaq üçün yazanda camaatın ana dilində yazsınlar ki, onları hər dəsti-xətti olan oxuyub anlaya bilsin və fars sözlərini bəqədri-məqdur az yazsınlar. Həqiqət biz, ələlxüsus bizim bəzi müxbirlərimiz, mollalarımız yazdığı türk dili deyil, bir qeyri, nə türki və nə farsi dildir ki, hər kəs özünün artıq oxumağını göstərmək istəyor. İnsanın şərafətinin bir dəlili də nitqdir. Lazımdır ki, hər kəs elə danışsın, elə yazsın ki, onu mümkün mərtəbə avam da başa düşsün. Belədə qəzetəyə yazanlar gərək yaddan çıxarmasınlar ki, qəzetə oxuyanların çoqu, ələlxüsus bizim məmləkətdə avamdır, öz türk şivəsindən başqa dil bilməyorlər və cümlə qəzetələrimizin idarələrindən təvəqqe olunur ki, qeyri müsəlman tayfalarının şivələrində çap olunan mətləblərin, ora-burasını bir dərəcə bizim şivə ilə düzəldib, sonra çap etsinlər ki, onları oxuyanlar anlaya bilsinlər. Həqiqət, qəzetə camaat üçündür. Camaat qəzetə üçün deyildir!

"Həyat" qəzeti, 11 yanvar, 1906-cı il, №9, s. 2.

Baxış: 4143 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Sentyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz